Gündəlik satışları ilinə uyğun cəmləmək – 3 üsul

Excel Hiylələri

Gündəlik olaraq qeydiyyatı aparılan satışları, illərinə müvafiq olaraq cəmləyib qruplaşdırmaq ehtiyacı yarandıqda, bunu 3 fərqli yolla edə bilərik:

  1. YEAR funksiyası ilə əlavə sütun yaradaraq
  2. SUMIFS funksiyasının yardımı ilə
  3. Pivot cədvəl ilə


Üsul 1: YEAR funksiyası ilə

Bu üsulla, yuxarıdakı cədvələ illəri göstərəcək bir sütun əlavə edib, daha sonra bu sütun əsasında SUMIF funksiyası ilə qruplaşdırma apara bilərik.


Üsul 2: SUMIFS funksiyası ilə

SUMIFS funksiyası birdən çox kriteriyalardan istifadə edəcəyimiz zaman köməyimizə çatan bir funksiyadır. Yuxarıdakı problemi həll etmək üçün aşağıdakı kimi bir formuldan istifadə etməliyik.

Yuxarıdakı qəliz görünən formulun çox sadə açıqlaması var:

  • Sales cədvəlinin [Satış] adlı sütunu cəmləmə üçün əsas alınacaqdır.
  • Sales cədvəlinin [Tarix] adlı sütununda, 01.01.2017-ci il tarixdən böyük və bərabər olan bütün tarixlər və
  • Sales cədvəlinin [Tarix] adlı sütununda, 31.12.2017-ci il tarixdən kiçik və bərabər olan bütün tarixlər kriteriya olaraq sınanacaqdır.

“>=”& kombinasiyasını ilk dəfə görürsünüzsə, İki tarix arasındakı satışların cəmi adlı yazıya keçid alıb, mövzunu daha dərindən araşdıra bilərsiniz.


Üsul 3 – Pivot cədvəl ilə

Daha öncəki yazıların birində, Pivot cədvəl ilə tarixlərin qruplaşdırılması mövzusunu müzakirə etmişdik. Eyni üsulla bu problemi də asanlıqla aradan qaldıra bilərik. Belə ki, öncə datamızı pivot cədvələ dönüşdürdükdən (Insert >> Pivot Table) sonra, sətirlərə tarixləri, dəyərlərə isə satışları əlavə edirik.

Əgər kompüterinizdə Excel-in irəli səviyyəli versiyaları qurulubsa, o zaman tarixləri əlavə etdiyimiz sətirlərdə avtomatik olaraq Quarters (Kvartal) və Years (İl) pivot cədvələ əlavə edilmiş olur. Bu halda, Quarters və Tarix adlı sub-kateqoriyaları pivot cədvəldən drag&drop ilə çıxararaq hesabatı yekunlaşdıra bilərik.

Əgər sizdə il və kvartal avtomatik olaraq gəlmədisə, o zaman pivot cədvəlimiz üzərində sağ klikləyib, Group seçənəyini klikləyib, aşağıda gördüyümüz formada Years seçərək, qruplaşdırmanın il səviyyəsində olmasına nail oluruq.


YEKUN

Yekun olaraq, bu 3 üsuldan hansının daha effektiv olduğuna qərar vermək qalır. Göz önündə tutmalı olduğumuz aşağıdakı məqamlar vardır:

– Əgər datamız çox böyük deyilsə, o halda həm Üsul 1, həm də Üsul 2 rahatlıqla istifadə edilə bilər.

– Datamız çox böyük və gün keçdikcə daha da böyüyəcəksə, o halda Pivot cədvəldən istifadə etmək praktik baxımından hər zaman daha əlverişlidir.