Çirkin diaqram – Misal

Charts & Graphs

Qısa müddət əvvəl internetdə aşağıdakı diaqrama rast gəldim. Bu diaqramda, olmaması gərəkən hər şey var. Burdakı səhvlər üzərindən gedərək, diaqramı normal, oxunabilir hala gətirəcəyik.

12524077_956821604372881_3597955572747884717_n

Diaqramdakı əsas səhvlər

  1. Fondakı Şəkil
    Diaqramda yalnız tək bir aspekti dəyişdirəcək olsaydıq, bu mütləq fondakı şəkil olacaqdı. Səbəbi isə odur ki, öndəki informasiyanı oxumağa çətinlik törədir, fikri əsas məqamdan yayındırır. İndiki dövrdə xarici valyutalı hər hansı bir şəkildən uzaq dursaq yaxşı olar.
  2. Gridlines
    Gridlines – diaqramın fonundakı ölkə adlarına paralel xəttlərdir. Onları ya tamamilə silməli, ya da rənglərini bozun ən açıq tonlarına gətirməliyik. Bunun da səbəbi eynidir – informasiyanı oxumağa çətinlik törədir.
  3. 3D qrafiklər
    İnformasiyanı çatdırarkən 3D effekt qədər lazımsız vasitə yoxdur. 3D effektlərdən hər zaman uzaq durmaq lazımdır. İstənilən məlumatı yalın, sadə halda təqdim etmək imkanı var ikən, onu bəzəməyə, mahiyyətindən uzaqlaşdırmağa lüzum yoxdur.
  4. Legend
    Diaqramın ən sağında yer alan və göy sütunların nə olduğunu izah edən “Müəllimlərin əmək haqqı” yazısı. Diaqramın başlığında olan bir şeyi əlavə lazımsız yer tutacaq şəkildə təkrar olaraq qeyd etmək doğru deyil.
  5. Data Labels
    Hər bir sütunun altında yer alan ölkə adı və müvafiq məbləğləri bu qədər ətraflı yazmağa ehtiyac yoxdur. Diaqramın oxunurluğunu ciddi dərəcədə çətinləşdirir. Hər zaman ən mümkün qədər az və sadə ifadələrdən istifadə etməyə çalışmalıyıq.
  6. Diaqramın başlığı
    Aşağı sıralarda yer almasına baxmayaraq, ən çox əhəmiyyət kəsb edən nyuanslardan biridir. Diaqramın müəllimlərin əmək haqqları haqda olduğunu bilirik, lakin, hansı dövrü əhatə etdiyi, ortalama aylıq və ya illik, net və ya gross olduğu haqda heç bir məlumat yoxdur. O səbəbdən də, heç bir məna ifadə etmir.
  7. Dəyərlərin sıralanması
    Diaqramdakı dəyərlər böyükdən kiçiyə (vəya əksinə) sıralanmaq əvəzinə, təsadüfi növbə ilə sıralanıb. Bu isə, müqayisə aparmağı çətinləşdirir.

Yuxarıda qısaca sadaladağımız bütün qüsurları aradan qaldırdıqdan sonra diaqramımız aşağıdakı rahat oxunabilir, məlumatlı və mənalı halını alacaqdır. Rəng seçimi hər kəsin zövqünə uyğun olacaqdır, amma neytral, açıq və yorucu olmayan rənglərdən istifadə etməyə çalışın.

Bad chart example

Uğurlar!