Məbləğlərin yazı ilə avtomatik əvəzlənməsi

Excel Hiylələri

Bir çox peşəkarla müzakirə zamanı, rəqəmlərlə yazılan yazının avtomatik yazı ilə əvəzlənməsi metodunun bilinmədiyini müşahidə edirəm. Bu səbəblə, bu günkü yazıda məhz o mövzuya toxunmaq istərdim. Yəni, məsələn, 150 olaraq daxil etdiyimiz ədədin avtomatik olaraq “Yüz Əlli” olaraq yazılması.

Əvvəlcədən deyim ki, bunun formul və funksiyalarla asan bir yolu yoxdur. Tam əksinə, həlli çox çətin olan bir məsələdir. Visual Basic-də xüsusi kod vasitəsilə həll ediləcək bir problemdir. Bu kodu, Microsoft-un rəsmi səhifəsindən əldə edə bilərik.

https://support.microsoft.com/en-us/kb/213360

Bu keçiddə, lazımi kod ilə tanış oluruq. Kodu hara yazacağımız, hansı addımları atmalı olduğumuz ingilis dilində aydın şəkildə göstərilib, o səbəblə təkrar etməkdə lüzum görmürəm. Lakin məsələ bununla da bitmir. Bu kodla 150 ədədi “One Hundred Fifty Dollars” nəticəsini verəcəkdir. Biz bunu öz dilimizdə yazmaq istəsək, kodun daxilindəki müvafiq məlumatları tərcümə etməli olacağıq.

Yəni, kod olan sahədə, “Eleven, Twelve, Thirteen, …, Nineteen” əvəzinə “On Bir, On İki, On Üç və s.” yazaraq. Eyni şəkildə digər bütün lazımi məlumatlar da tərcümə edilib Save edilməlidir.

Qarşımıza çıxacaq bir digər problem isə, kod daxilində Azərbaycan hərflərindən “ə, ş, ğ” hərflərinin yazılma imkanının olmamasıdır. Maraqlıdır ki, “ç, ö” hərflərində bu problem yaşanmır.

Kodu öz dilimizə uyğun yeniləyib Save etdikdən sonra, =SpellNumber funksiyası ilə istənilən rəqəmi müvafiq yazı ilə əvəz edə biləcəyik.

Məsələn,

=SpellNumber(135,45) yazıb Enter düyməsinə bassaq, eyni xanada “Yüz Otuz Beş manat, Qırx Beş qəpik” nəticəsini əldə edəcəyik.

Uğurlar!