Şərti Formatlamanın nə qədər faydalı olduğunu göstərən misal

Excel Hiylələri

Şərti Formatlama haqqında bir çox yazılarımız oldu və bu mövzunun əslində lazım olduğundan daha zəif qavranıldığı, mahiyyətinin, məsələn, funksiyalar qədər yaxşı anlaşılmadığı və gündəlik işlərimizdə lazımi yerlərdə istifadə edilmədiyini müşahidə edirik. Bu yazıda kiçik bir misalla, şərti formatlamanın nə qədər lazımlı və faydalı olduğunu görəcəyik.

Fərz edək ki, geyim əşyası satan bir şirkətimiz var və hər hansı bir günə aid satış məbləğlərimiz saatlara əsasən aşağıdakı kimidir.

Color Scales - 1

İlk baxışda analitik heç bir məlumat gözümüzə dəymir, çünki görmüş olduğumuz sadəcə satış rəqəmləridir. Bu rəqəmlərin hər birini ayrı-ayrılıqda görməyimizə baxmayaraq, onların bir-birinə olan nisbətlərini anlamaq qeyri-mümkündür. Yəni hansı məhsulun hansı saatlarda daha çox, və ya da az satıldığını demək ilk baxışda çox çətindir.

Şərti formatlama vasitələrindən olan Color Scales-dən istifadə edərək, biz bu məbləğlərin bir-birinə olan nisbi böyüklüklərini görərək, hansı məhsulun hansı saatlarda az, hansı saatlarda isə çox satıldığını analiz edə bilərik.

Bunun üçün ancaq məbləğlər olan aralıq seçilir və Home >> Conditional Formatting >> Color Scales seçilir.

Color Scales - 2

Color Scales olaraq bir neçə rəng variantları qarşımıza çıxır. Ya hazır şablonlardan istifadə edə bilər, ya da More Rules ilə öz zövqümüzə uyğun yeni şablon yarada bilərik. Color Scales vasitəsilə, Excel seçilmiş aralıqdakı ən aşağı dəyəri qırmızı, ən yüksək dəyəri isə yaşıl rəngə boyayır və arada qalan digər bütün rənglər də böyüklükləri nisbətində rəng almış olur. Biz ilk şablonu seçib nə baş verdiyinə baxaq.

Color Scales - 3

Artıq, hər bir məhsulun bir-birinə olan nisbi böyüklüklərini görürük. Məsələn, gün eynəkləri (sunglasses) günün ilk yarısı artan tempdə də olsa az satış etmiş, lakin günün sonuna doğru satışını artırmışdır. Köynəklər (shirts) isə əksinə gün ərzində stabil yüksək satış həyata keçirmişdir.

Şərti olaraq formatlanmış cədvəl ilkinə görə ona görə daha faydalıdır ki, vizual olaraq hər bir satışı bizə daha aydın olacaq şəkildə göstərir. Artıq, məbləğlərin nominal böyüklüklərinə baxmadan, beynimizi yormadan, tək baxışda nəyin yaxşı, nəyin pis satıldığını görmüş oluruq. Məsələn, kostyumların (suits) nahar fasiləsi zamanı pis satıldğını görmək üçün 100 və 130 məbləğlərinə baxmağımıza ehtiyac yoxdur, tünd qırmızı rəng lazımi mesajı anındaca verir.

Uğurlar!