Şərti Formatlama (Conditional Formatting) – Part 1

Excel Hiylələri

Formatlama – ən sadə dillə desək, məlumatı vizual olaraq “gözəlləşdirməkdir”, məlumata makiyaj etməkdir. Hər hansı bir yazının rəngini, fontunu, ölçüsünü və s. dəyişdirdiyimizdə onu formatlamış oluruq. Formatlamanın məqsədi məlumatı daha effektiv şəkildə qarşı tərəfə çatdırmaqdır. Razılaşarsınız ki, tamamilə eyni məlumatdan ibarət aşağdakı cədvəllərdən sağdakı soldakına nisbətdə qatbaqat daha “etibarlı” təsir bağışlayır.

Conditional formatting - 1

Şərti Formatlama (Conditional Formatting) isə – xananın daşıdığı dəyərdən asılı olaraq əvvəlcədən müəyyən edəcəyimiz kriteriya əsasında xananın avtomatik formatlanmasını nəzərdə tutur. Məsələn, siyahıdakı 10-dan böyük bütün ədədlərin qırmızı fonla formatlanması, siyahıda içində “azər” sözü olan bütün xanaların formatlanması, siyahıdakı ən böyük 5 dəyərin formatlanması və s.

Şərti formatlama Home >> Styles >> Conditional Formatting ünvanında yerləşir.

Gəlin, misallarla məsələnin məğzini anlamağa çalışaq.

Fərz edək ki, aşağıdakı cədvəldəki 10-dan böyük bütün xanaları avtomatik qırmızı fonla formatlamaq istəyirik.

Conditional formatting - 2

Bunun üçün,

  1. Şərti olaraq formatlamaq istədiyimiz aralığı seçirik.
  2. Home >> Styles >> Conditional Formatting >> Highlight cell rules >> Greater than seçirik. Qarşımıza çıxan dialoq qutusunun sol hissəsinə şərtimizi daxil edib (misalımızda 10-dan böyük xanaların formatlanması), sağdakı hissədən isə formatlama şəklini seçib OK klikləyirik.
  3. Cədvəlimiz artıq hazırdır. Prosesin necə həyata keçirildiyini daha yaxşı anlamaq üçün aşağıdakı görüntüyə nəzər yetirin, hər şey addım-addım göstərilmişdir.
    capture-3

Şərti formatlama tətbiq etdikdən sonra, dəyişəcəyimiz hər bir dəyər 10-dan böyük olarsa, Excel avtomatik qaydada o xananı formatlayacaq, deyilsə normal formada saxlayacaq. Şərti formatlamanın ən gözəl tərəfi də məhz budur, bizi əlavə iş yükündən azad edir.

Şərti formatlama seksiyasına daha ətraflı baxıb başqa hansı imkanlar verdiyini araşdıraq.

Conditional formatting - 4

Siyahıdan da gördüyümüz kimi, müəyyən edəcəyimiz ədəddən böyük və ya kiçik, və yaxud müəyyən edəcəyimiz 2 fərqli ədəd aralığında olan dəyərləri, içində bizə lazım olan mətn olan xanaları, dublikat dəyərləri formatlamaq imkanımız var.

Bundan əlavə, Top/Bottom Rules hissəsinə baxsaq, İlk-10 və ya Son-10, ortalamanın üzərində və ya altında olan dəyərlərin avtomatik formatlanmasına nail ola bilərik.

Conditional formatting - 5

Data Bars, Color ScalesIcon Sets vasitəsilə isə, cədvəlimizdəki dəyərlərin böyüklüyü nisbətində vizual olaraq xanadaxili diaqramlar əlavə edə bilərik. Sözsüz ki, daxil etdiyimiz dəyərlərdə hər hansı bir dəyişiklik baş verərsə, bu halda formatlanması da avtomatik dəyişəcəkdir. Aşağıdakı misallardan daha yaxşı anlaşılacaqdır.

Conditional formatting - 6

Data Bars – siyahıdakı dəyərlərin böyüklüyü nisbətində xanadaxili kiçik diaqramlardır.

Color Scales – Ən böyük dəyərin ən tünd, ən kiçik dəyərin isə ən açıq rəngdə olduğu rəng paletidir. Max və min dəyər arasında qalan digər dəyərlərin rənglərinin tündlüyü isə, məhz o dəyərlərin böyüklükləri ilə düz mütənasib olacaqdır.

Icon Sets – Fərqli-fərqli ikonlar vasitəsilə məlumatın vizuallaşdırılması məqsədini daşıyır.

Mövzuya mükəmmək yiyələnmək üçün etməli olduğumuz tək şey bu mövzu ətrafında ciddi şəkildə baş sındırmaqdır. Çünki araşdırmaq, maraqlanmaq, şübhə duymaq öyrənmənin əsas şərtlərindəndir. Əlavədəki faylı endirib nəyin necə çalışdığını görə bilərsiniz.

Şərti formatlama haqqında mövzunun ikinci hissəsində mövzu haqqında daha ətraflı məlumat verməyə çalışacaq, bir çox incəlikdən istifadə etməklə hesabatlarımızı necə daha effektiv edə biləcəyimizi müzakirə edəcəyik.

Uğurlar!

Faylı endir – Conditional formatting