Mətn funksiyaları

Funksiyalar

Xüsusilə HR sahəsində işləyən bir çox insan mətn xarakterli məlumatlarla daha çox işləyir və müəyyən vacib və sadə funksiyaları bilmədiyi zaman, 1-2 saniyəlik işini bəzən saatlarla etməli olur.  Bu yazı məhz o problemləri aradan qaldırmaq məqsədi daşıyır.

Mətnlə işləmək üçün Excel-də bir sıra faydalı funksiya mövcuddur və hər biri istifadə baxımından çox sadədir. Yazımızda istifadə edəcəyimiz funksiyalar: LEFT, RIGHT, TRIM, LOWER, UPPERPROPER.

Hər birinin nə işə yaradığına bir-bir baxaq.

LEFT

Hesab edək ki, əlimizdə işçilərimizin adları və soyadları olan siyahı var və hər hansı bir səbəbdən, biz bu siyahıda ad və soyadları bütövlükdə yox, hər bir işçinin adının ilk 3 hərfini görmək istəyirik.

Text functions - 1

Bunun üçün LEFT funksiyasından istifadə edəcəyik. Tək etməli olduğumuz lazımi xanaya gəlib, LEFT funksiyası daxilinə kəsmək istədiyimiz xananı və soldan neçə simvolun görüntülənməsini istədiyimizi yazırıq.

Text functions - 2

RIGHT

Adından da anlaşılacağı kimi, RIGHT funksiyası mətni ən soldan yox, ən sağdan kəsməyə başlayır. Sintaksı LEFT ilə tamamilə eynidir. Yuxarıdakı siyahıdakı adların ən sağdan 5 simvolunu görüntüləmək istəsək, yazacağımız funksiya aşağıdakı kimi olacaqdır.

Text functions - 3

TRIM

Bəzən muhasibatlıq proqramlarımızdan aldığımız çıxarışlar istifadəyə yararsız olur. Bir çox yerdə lazımsız boşluqlar olan siyahılarla işləməli oluruq. Bunları bir-bir təmizləmək əvəzinə TRIM funksiyası ilə hər şeyi anında təmizləmiş oluruq.
TRIM funksiyası sözlər arası boşluqlar istisna olmaqla digər bütün lazımsız boşluqları silir.
Etməli olduğumuz tək şey – təmizlənməsini istədiyimiz xananı adıkeçən funksiyanın içinə yazmaqdır.
Text functions - 4
“Azərbaycan” və “Respublikası” sözləri arasında olan boşluqları TRIM funksiyası ilə necə təmizləndiyini özünüz yoxlaya bilərsiniz.

LOWER, UPPER, PROPER

LOWER – mətndəki bütün hərfləri kiçik hərf ilə əvəz edir.
UPPER – mətndəki bütün hərfləri böyük hərf ilə əvəz edir.
PROPER – mətndəki bütün sözlərin ilk hərflərini böyük, digər hərflərini isə kiçik hərflə əvəz edir.
Gəlin eyni mətni hər 3 funksiya ilə test edək.
Text functions - 5
Gördüyümüz kimi, LOWER funksiyası hər şeyi kiçik, UPPER böyük, PROPER isə hər sözün ilk hərfini böyük, geri qalan hərfləri isə kiçik hərflə yazdı. Sintaksları da çox bəsitdir.
=UPPER(mətn), =PROPER(mətn)
Uğurlar!