Formatlama – valyuta adlarının əlavə edilməsi

Excel Hiylələri

Hesabatları tərtib edərkən bəzi hallarda məbləğlərin qarşısına hansı valyutada olduqlarının da əlavə edilməsi zərurəti yarana bilər. Əgər bunu əllə daxil etsək, yəni məbləği yazıb arxasından AZN, EUR, USD yazsaq, bu zaman bu xana rəqəm yox, mətn formatında olacaq və hər hansı bir riyazi hesablamalarda istifadə edilə bilməyəcək.

Valyuta formatlama - 1

Bunun əvəzinə formatlama üsullarından birindən istifadə etmək daha doğru olacaqdır. Yuxarıdakı kimi formatlama etmək istəyiriksə, o zaman atmalı olduğumuz addımlara baxaq.

Əvvəla, valyuta olaraq formatlamaq istədiyimiz xanalar seçilir və Ctrl+1 shortcut-ı basılır. Qarşımıza çıxan dialoq qutusundan Currency hissəsinə gedilir. Və orda lazımi valyuta (istər ad, istər simvol) seçilib OK kliklənir.

Valyuta formatlama - 2

Artıq, bütün seçilən məbləğlər $ işarələri ilə qarşımıza gələcək. Formula sətirinə baxsaq, bu məbləğlərin məhz rəqəm formatında olduğunu görə bilərik, yəni bundan sonra istənilən riyazi hesablamada iştirak edə bilər. Bizim etdiyimiz, məbləğlərin mahiyyətini yox, onların şəklini dəyişdirmək oldu.

Valyuta formatlama - 3

Lakin, 2007 Excel işlədənlər milli valyuta olaraq formatlamaq istəsə, valyutalar siyahısında AZN yox, AZM olduğunu görəcək, bəs bu halda nə etməli? (Excel-in sonrakı versiyalarında AZN ümumi siyahıda yer alır.)

Edəcəyimiz şey çox sadədir. İlk öncə AZM olaraq formatlayır və formatlama qutusunun Custom hissəsinə gedirik.

Valyuta formatlama - 4

Type yazılan yerdəki AZM-ləri dəyişdirib AZN etdikdən sonra OK klikləyib çıxırıq. Artıq bütün AZM formatından AZN formatına dəyişdirilmiş oldu.

Ümumiyyətlə, Custom formatlama vasitəsilə, istənilən şeyi yazıb xananı formatlamaq mümkündür.

Uğurlar!