SUMIF funksiyası

Funksiyalar

SUMIF funksiyası böyük həcmli və müxtəlif kateqoriyalı informasiyanın qruplaşdırılması zamanı istifadə olunur.
Aşağıdakı screenshot üzərindən davam edək.

SUMIF() - 1

Yuxarıdakı siyahıda şirkətlərin fərqli tarixlərdə etmiş olduğu satış dəyərləri göstərilib, lakin diqqət etsək görərik ki, eyni şirkət bir neçə tarixdə satış edib. Analitik olaraq, bizim məqsədimiz, hər bir şirkətin ayrı-ayrılıqda nə qədər satış etdiyini müəyyən etməkdir. Bunu manual olaraq etməyə çalışsaq, məsələn, Coca-Cola şirkətinin 08.04.2013 və 03.04.2014-cü il tarixlərdəki satışlarını götürüb bir-bir cəmləyib, ümumi rəqəmə çata bilərik. Lakin, müasir dövrdə bu tip siyahılar minlərlə olur və az öncə bəhs etdiyimiz yolla məsələnin həlli mümkün deyil.

Bunun əvəzinə Excel-dəki SUMIF funksiyası saniyələr ərzində eyni problemi həll etməyə yarayır. Bunun üçün yuxarıdakı screenshot-da göstərilən bütün şirkətlərin siyahısını tərtib etmək lazımdır. Aşağıdakı screenshot-a nəzər yetirək.

SUMIF() - 2

Bu dəfə, sağdakı kimi yeni bir cədvəl tərtib etməmiz lazım olacaq. Və G5 xanasına screenshot-da görülən formul daxil edilməlidir.

Gəlin, çətinləşdirməmək üçün, hələlik formuldakı $ işarələrini silək və formulun məntiqini başa düşməyə çalışaq.

=SUMIF(C4:C17;F5;D4:D17)

  1. Range – şirkət adlarının olduğu ümumi siyahı aralığı – C4:C17
  2. Criteria – ümumi satışın bilinmək istəndiyi şirkət
  3. Sum_range – satış rəqəmlərinin olduğu aralıq – D4:D17

Bu formul Excel-ə deyir ki, “C sütunundakı aralıqda Nestle şirkətinə rast gəldiyin zaman D sütunundakı Nestlenin qarşısında duran rəqəmləri cəmlə”. Formul daxil edilib Enter basıldıqdan sonra, adi qaydada Copy-Paste edilərək, digər xanalar da doldurulurvə hər bir şirkətə aid ümumi satış rəqəmləri əldə edilmiş olur.

Bundan sonra soldakı cədvəldə edilən hər bir dəyşiklik sağdakı dinamik cədvəldə avtomatik əks olunacaq.

Eksperiment aparmağınız üçün, hesablama aparılan excel faylını əlavədə görə bilərsiniz.

Uğurlar!

Faylı endir – SUMIF()