Mövzuya başlamadan əvvəl, Unpivot-un nə olduğunu anlamaqda fayda var. Aşağıdakı cədvələ nəzər yetirsək, formatına görə Pivot Cədvəldir. Yəni, müəyyən məlumatlar ölkə, şəhər, əhali sayı və ÜDM üzrə qruplaşdırılmışdır.
Bu cür cədvəllər analiz baxımından əlverişli deyil, çünki formatını və tərkibini istəyə uyğun dəyişə bilmirik, ən əsası isə, formatı ucbatından Pivot Cədvələ transfer edə bilmirik. Bu problemi həll etmək üçün, biz bu cədvəli Tabular Formata dönüşdürməliyik.
Bunun üçün ilk addımda yuxarıdakı məlumatları Cədvəl formatına çevirməliyik. İstənilən xananın üzərinə gəlib Ctrl+T basırıq.
OK kliklədikdən sonra, cədvəl formatını almış oluruq. Daha sonra menudan Data >> Get & Transform >> From Table/Range klikləyirik.
Bir az gözlədikdən sonra, Exceldə yeni pəncərə açılacaq.
Bu, Exceldə hazır cədvəllər əldə etmək məqsədilə istifadə olunan, cədvəlləri edit edib, çalışmağa başlamadan öncə istəyimizə uyğun formaya salmağa kömək edən pəncərədir. Adı – Power Query Editor-dur. Bir çox fərqli qaynaqdan məlumat almağa kömək edir, lakin indiki halda ancaq cədvəldən istifadə edəcəyik.
Query-dən görürük ki, ölkə adlarının altları boşdur, yəni hər ölkə sadəcə tək bir sətirdə var. Biz tək əməliyyatla hər sətrin müvafiq ölkəsini yazacağıq.
Ölkələr olan sütunu seçib, sağ klikləyib, Fill >> Down edirik.
Country olan sütunun müvafiq ölkə adları ilə dolduğunu görəcəyik.
Bundan sonrası isə daha asandır. Country və City olan sütunları seçib, sağ klikləyib, Unpivot other columns edərək, başlanğıcdakı cədvəlimizi tabular formata gətirmiş oluruq.
Tabular formatdakı cədvəlmizin yekun halı aşağıdakı kimi olacaqdır:
Hər məlumat üçün heç bir qruplaşdırma olmadan, ayrı-ayrılıqda bir sətir. Cədvəli Close & Load edərək, Excel faylımıza göndəririk.
Bundan sonra cədvəl əsasında Pivot Table əlavə edib, istənilən analizi apara bilərik.
Eyni cədvəli yenidən Edit etmək istəsək, sağ tərəfdəki Query-nin üzərinə gəlib, EDIT düyməsindən istifadə etməklə, yenidən Power Query Editor səhifəsinə keçə bilərik.