“Hansı bank bu gün ən aşağı məzənnəni təklif edir?” – yəqin ki, bu sualla tez-tez qarşılaşmısınız. Və cavabı tapmaq üçün ya müvafiq banklara bir-bir baxmaqla, ya da Banker.az kimi ixtisaslaşmış web-saytlardan almaqla. Biz bunun bir addım daha ötəsinə gedərək, bütün məlumatı Excel faylımıza real-zamanlı olaraq gətirəcəyik. Web-saytda məlumat yeniləndikcə, bizim faylımızda da ən son bazar qiymətləri əksini tapacaqdır.
Bunun üçün azn.today web-səhifəsindən istifadə edəcəyik. Həmişəki qaydada, Data >> Get & Transform Data >> From Web seçib, Navigator pəncərəsinə gəlirik.
Bizə lazım olan cədvəl – Table 1 – dir. Edit edib Power Query Editor pəncərəsinə keçirik.
Məzənnə olan sütunlarda USD, EUR, RUB, TRY və GBP valyutalarının alış və satış kurslarını görürük. Bizə lazım olmayan sütunları seçib Home >> Remove Columns ilə silirik. İndiki halda USD, EUR və GBP saxladığımızı fərz edirəm.
Bundan əlavə, diqqət yetirsək, məzənnələr olan xanalarda əlavə olaraq dəyişmə faizlərinin də göstərildiyini görəcəyik, hansı ki bizə heç biri lazım deyil. İlk məqsəd olaraq, bu faizləri silib, yalın valyuta kursunu almalıyıq.
Bunun üçün müvafiq sütunu seçərək, Home >> Transform >> Split Columns >> By Number of Characters ünvanına gedirik. Soldan 6 simvolu saxlayıb, sütunu bölməyini istəyirik (məsələn – 1,6990 – vergül daxil 6 simvol).
Cədvəlimiz bu formanı alacaqdır:
Eyni əməliyyatı digər bütün sütunlar üçün də edib, ən sonda faizlər olan sütunları bir-bir seçib silirik (Sütun başlıqlarını da istəyimizə uyğun dəyişə bilərik).
Close & Load edib, məlumatı Excel-ə ötürürük.
Bundan sonra web-səhifədə hər dəfə məlumat yeniləndikcə, bu cədvəlin üzərində sağ klikləyib Refresh etdikdə, bütün məlumat avtomatik gələcəkdir.
Əlavə funksionallıq baxımından, istəyə uyğun olaraq, EUR kursunu ən aşağı qiymətlə təklif edən 5 bankı anında görmək istəyiriksə, Şərti Formatlama ilə bunu rahatlıqla edə bilərik.
Web-səhifədəki formatından asılı olmayaraq, Query Editor-da etdiyimiz istənilən formatlama hər zaman aktuallığını qoruyacaqdır.
Uğurlar!