Yuvarlaqlaşdırma əməliyyatı ilə hamımız tanışıq. Ümumi qaydaya əsasən, əgər yuvarlaqlaşdırılan rəqəm 5 və ya daha böyükdürsə, o zaman yuvarlaqlaşdırma 10-a, 5-dən aşağı isə 0-a tamamlanır. Misal üçün, 2,34 ədədi onluq dərəcəsinə yuvarlaqlaşdırılsa, 2,3 olacaq, çünki yüzlük dərəcəsindəki rəqəm 4-dür, yəni 5-dən aşağıdır. 2,36 isə 2,4 olacaq, çünki 6 5-dən böyükdür.
Excel-də yuvarlaqlaşdırma əməliyyatı əsasən ROUND funksiyası ilə həyata keçirilir və yazılış qaydası belədir:
=ROUND(number;num_digits)
Number: Yuvarlaqlaşdırmaq istədiyimiz ədəd
Num_digits: Yuvarlaqlaşdırılan dərəcə (onluq-1, yüzlük-2, minlik-3 və s.)
Misalımıza nəzər yetirək.
Yuvarlaqlaşdırma istədiyimiz ədəd 2,348546, dərəcəsi isə minlik olsun. 3 rəqəmi bizə vergüldən sonra 3 rəqəm qalacağını bildirir. Funksiyamızı çalışdırdığımız zaman Excel ədədimizi alıb, vergüldən sonra 3 rəqəm qalacaq şəkildə yuvarlaqlaşdıracaq.
Nəticə 2,349 olacaq. 8-dən sonra 5 olduğu üçün, 8 rəqəmi 9-a çevrildi.
Num_digits mənfi rəqəm də ola bilər. Belə olan halda, yuvarlaqlaşdırma vergüldən sola doğru gedəcək. Gəlin ədədi böyüdək və mənfi rəqəm ilə yuvarlaqlaşdırmağa çalışaq.
Gördüyünüz kimi, num_digits mənfi rəqəm olduğu üçün, yuvarlaqlaşdırma əməliyyatı sola doğru işləmiş oldu. 115 ədədi onluq dərəcəsində yuvarlaqlaşdırıldı və 120 ədədi əldə edilmiş oldu.
Formulu özünüz yazıb, eksperiment apararaq daha yaxşı qavrama fürsətiniz olacaq. Həm mənfi, həm müsbət, həm də sıfır yazaraq nəticənin necə dəyişdiyini müşahidə edə bilərsiniz.
Uğurlar!